SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Deputat: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur

👤 📅 👁 17 baxış ⏱ 6 dəq oxuma
Deputat: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur

Deputat: Vensin Bakıya səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ yaratdı

Azərbaycan ilə ABŞ arasında münasibətlər regional proseslərlə yanaşı, strateji əməkdaşlığın yeni çərçivəsi baxımından da yeni mərhələyə keçir. Bu istiqamətdə əsas hadisələrdən biri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri və səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması olub.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova Azərbaycan, ABŞ və Ermənistan liderlərinin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşündən sonra iki ölkə arasında münasibətlərin yeni istiqamət aldığını bildirib.

Deputatın sözlərinə görə, Vaşinqton sammiti təkcə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin əsasını qoymayıb, eyni zamanda ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın roluna yanaşmasına da təsir edib.

S.Salmanova qeyd edib ki, əvvəlki illərdə Vaşinqton regiona əsasən münaqişənin idarə olunması prizmasından yanaşırdısa, Vaşinqton sammitindən sonra əməkdaşlıq gündəliyi ön plana çıxıb.

Onun fikrincə, 2026-cı ilin fevralında vitse-prezident Ceyms Devid Vensin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü bu siyasi xəttin davamı olub. Deputat Vensin səfərini yalnız yüksək səviyyəli rəsmi təmas kimi deyil, Vaşinqtonda verilən siyasi mesajların praktiki müstəviyə keçməsinin göstəricisi kimi qiymətləndirib.

Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyəti

Səbinə Salmanova bildirib ki, Azərbaycan ilə ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkənin münasibətlərini əvvəlki əməkdaşlıq formatından daha yüksək siyasi və hüquqi müstəviyə çıxarıb.

Onun sözlərinə görə, sənəd strateji dialoqu institusionallaşdırmaqla yanaşı, müntəzəm siyasi məsləhətləşmələr üçün davamlı mexanizm formalaşdırır. Xartiyada regional təhlükəsizlik, enerji təhlükəsizliyi, müdafiə sahəsində koordinasiya və transmilli təhdidlərə qarşı əməkdaşlıq istiqamətləri də öz əksini tapıb.

Deputat iqtisadi istiqamətin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, Vaşinqton sammitində müzakirə olunan regional bağlantılar, enerji marşrutları və investisiya imkanları artıq siyasi bəyanatlardan çıxaraq institusional əməkdaşlıq gündəliyinə daxil olub.

Bu amilin ABŞ biznesi və investorları üçün Azərbaycanın yalnız enerji tərəfdaşı deyil, həm də Orta Dəhlizin əsas iqtisadi qovşaqlarından biri kimi əhəmiyyətini artırdığı bildirilib.

Azərbaycanın regiondakı rolu

S.Salmanovanın sözlərinə görə, ABŞ-nin regionda mövqeyi artıq yalnız vasitəçiliklə məhdudlaşmır və Vaşinqton yeni geoiqtisadi reallığın iştirakçısı kimi çıxış edir.

Deputat Azərbaycanın təşəbbüsü ilə formalaşan nəqliyyat-kommunikasiya layihələrinin, Şərqlə Qərbi birləşdirən marşrutların və sülh gündəliyinin ABŞ üçün strateji maraq kəsb edən amillərə çevrildiyini qeyd edib.

O bildirib ki, Azərbaycanın son illərdə balanslı xarici siyasət kursu həm regional təhlükəsizliyin təminatçılarından biri, həm də qlobal logistika zəncirinin mühüm halqası kimi mövqeyini gücləndirib.

Azərbaycanın sülh gündəliyi

Parlamentari Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra yeni siyasi reallıq yaratdığını, 2023-cü ildə isə ərazi bütövlüyünün tam təmin olunması ilə bu reallığın daha da möhkəmləndiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan bundan sonra revanşist yanaşma deyil, sülh, əməkdaşlıq və regional inteqrasiya siyasətini önə çəkib.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürülüb. Bu prinsiplər qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və siyasi müstəqilliyin tanınması, ərazi iddialarından imtina, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin kommunikasiyaların açılmasını əhatə edir.

Deputatın fikrincə, bu prinsiplər Azərbaycanın sülh konsepsiyasının əsasını təşkil edir və Vaşinqtonda paraflanan sülh sazişi də əvvəlcədən müəyyənləşdirilmiş siyasi xəttin davamıdır.

Vaşinqton görüşünün nəticələri

Səbinə Salmanova 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüşün Azərbaycanın sülh təşəbbüsünün beynəlxalq müstəvidə möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin razılaşdırılmış mətnini paraflaması, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Birgə Bəyannamə imzalaması mühüm siyasi hadisə olub.

Deputat sənədlərdə ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların bağlanması, regional kommunikasiyaların açılması və TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı müddəaların yer aldığını vurğulayıb.

S.Salmanovanın fikrincə, bütün bunlar Azərbaycanın uzun müddətdir müdafiə etdiyi mövqelərin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.

A

Oxşar Xəbərlər