Deputat: Zəngəzur dəhlizi Naxçıvanın tranzit və logistika imkanlarını artıracaq
Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından Zəngəzur dəhlizi mühüm əhəmiyyət daşıyır. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars–Iğdır–Naxçıvan dəmir yolunun tikintisi istiqamətində işlər davam etdirilir.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Deputatın sözlərinə görə, layihənin həyata keçirilməsi Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının təmin olunmasına və muxtar respublikanın tranzit, logistika və ticarət imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradacaq.
A.Mirzəzadə qeyd edib ki, Naxçıvan Azərbaycanın daxili siyasətində hər zaman xüsusi yer tutub. Onun sözlərinə görə, tarixi proseslər nəticəsində muxtar respublika ölkənin əsas hissəsindən ayrı düşüb və xüsusilə I Qarabağ müharibəsi dövründə Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətində qalıb.
Deputat bildirib ki, buna baxmayaraq, Naxçıvanın sosial-iqtisadi inkişafı daim dövlətin diqqətində olub və bölgənin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib.
O, ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə bölgənin təhlükəsizliyi və inkişafı istiqamətində mühüm addımlar atdığını xatırladıb.
A.Mirzəzadənin sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra Naxçıvanda infrastrukturun yenilənməsi, yeni iqtisadi sistemin formalaşdırılması və sahibkarlığın inkişafına dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.
Deputat Prezidentin Naxçıvanda Xüsusi Nümayəndəliyinin yaradılmasını da bölgəyə dövlət səviyyəsində verilən diqqətin göstəricisi kimi qiymətləndirib.
Zəngəzur dəhlizi Naxçıvan üçün yeni imkanlar yaradacaq
A.Mirzəzadə bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Naxçıvanla ölkənin əsas hissəsi arasında quru bağlantının bərpası dövlətçilik baxımından mühüm məsələyə çevrilib.
Onun sözlərinə görə, Ermənistanın əvvəlki etirazlarına baxmayaraq, Azərbaycan və Ermənistan arasında Ağ Evdə imzalanmış Birgə Bəyannamədə bu məsələnin əksini tapması mühüm siyasi nəticədir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl ABŞ liderinə göndərdiyi məktubda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) çərçivəsində Azərbaycanın ərazisindən keçən hissədə işlərin yekunlaşmaq üzrə olduğu vurğulanıb.
A.Mirzəzadə Ermənistan ərazisindən keçən hissənin ABŞ şirkəti tərəfindən uzunmüddətli icarəyə götürülməsinin layihəyə beynəlxalq marağın yüksək olduğunu göstərdiyini bildirib.
Onun fikrincə, dəhlizin fəaliyyətə başlaması Azərbaycanın dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına və yeni iş yerlərinin yaranmasına imkan verə bilər.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın uzun illər davam edən blokadadan çıxmasına və onun regional tranzit mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq.