Marko Rubio: ABŞ hərbi bazalarının üzərindəki naməlum obyektlər araşdırılmalıdır
ABŞ hərbi obyektlərinin üzərində müşahidə edilən və mənşəyi məlum olmayan uçan obyektlərlə bağlı məlumatlar Vaşinqton tərəfindən ciddi şəkildə araşdırılmalıdır.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio Ağ Ev aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Millerin podkastında çıxışı zamanı deyib.
Rubio bildirib ki, ABŞ hərbi bazalarının səmasında ölkəyə aid olmayan bəzi obyektlər müşahidə edilir və onların mənşəyinin müəyyənləşdirilməsi vacibdir.
“Biz bu məsələnin mahiyyətini aydınlaşdırmalı və problemi diqqətdə saxlamalıyıq”, - deyə dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, sözügedən obyektlərin kimə məxsus olduğunu və ümumiyyətlə nə olduqlarını özü də bilmir. Rubio ABŞ Senatında çalışdığı dövrdə də uçan naməlum obyektlərlə bağlı məsələləri gündəmə gətirdiyini xatırladıb.
Dövlət katibi bu mövzuya sui-qəsd nəzəriyyəsi kimi yanaşmadığını da qeyd edib.
Rubio bildirib ki, ABŞ administrasiyasının yadplanetlilərlə bağlı hər hansı məlumatı olsaydı, ölkə prezidenti bunu ictimaiyyətə açıqlayardı və müvafiq foto və videoları nümayiş etdirərdi.