Çində “Dolfin” qasırğası ilə bağlı ən yüksək səviyyəli xəbərdarlıq elan edildi
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın TASS-a istinadən yaydığı məlumata görə, Çinin Mərkəzi Meteorologiya Stansiyası “Dolfin” qasırğasının yaxınlaşması ilə əlaqədar qırmızı səviyyəli xəbərdarlıq elan edib.
Qurumun proqnozuna əsasən, qasırğanın avqustun 9-u axşam saatlarında Çinin şərq sahillərinə çatacağı gözlənilir. Təbiət hadisəsinin Çjeçzyan əyalətinin Sanmen şəhər qəzası ilə Fuçzyan əyalətinin Fudin şəhər qəzası arasındakı əraziyə çıxacağı bildirilir.
Qasırğa quruya çatdığı zaman küləyin sürətinin saniyədə 38-45 metrə qədər yüksələcəyi proqnozlaşdırılır.
Çjeçzyan əyalətində qasırğaya qarşı cavab tədbirlərinin səviyyəsi birinci, Fuçzyan əyalətində isə ikinci dərəcəyə qaldırılıb.
Qeyd edək ki, Çində təbii fəlakətlərlə bağlı dörd səviyyəli xəbərdarlıq sistemi mövcuddur. Bunlar ən yüksək səviyyə olan qırmızı, daha sonra narıncı, sarı və mavi xəbərdarlıqlardır.
Məlumata görə, “Dolfin” qasırğasının yaxınlaşması səbəbindən Çinin şərq bölgələrində 420 mindən çox insan təxliyə edilib.