Danimarkada Putinin büstünün başı kəsilərək oğurlanıb
Danimarkanın Orhus şəhərində Rusiya Prezidenti Vladimir Putinin büstü oğurlanıb. Abidənin başının kəsilərək aparıldığı bildirilir.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın Rusiya teleqram kanallarına istinadən yaydığı məlumata görə, büst “Radio4” radiostansiyasının reklam kampaniyası çərçivəsində parkda yerləşdirilib.
Məlumata görə, Putin büstü həftənin əvvəlində parka qoyulub. Lakin abidə quraşdırıldıqdan təxminən altı saat sonra vandallar tərəfindən zədələnib və baş hissəsi kəsilərək aparılıb. Hadisənin Orhus şəhərində baş verdiyi digər mənbələr tərəfindən də təsdiqlənir.
“Radio4”dən bildirilib ki, büstün oğurlanmış başının harada olduğunu müəyyənləşdirmək üçün axtarış aparılır. Radiostansiya hadisə ilə bağlı məlumatı olan şəxslərdən əlaqə saxlamağı xahiş edib.
Qeyd edək ki, büst “Radio4”ün Danimarkaya təqdim etdiyi beş heykəldən biri olub. Kampaniya çərçivəsində Vladimir Putinlə yanaşı, Benyamin Netanyahu, Mette Frederiksen, Kim Kardaşyan və İlon Maskın da büstləri hazırlanaraq nümayiş etdirilib.