İmişlidə ağır qəza: bir nəfər öldü, bir nəfər yaralandı
İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib.
Xeberhub.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Tural Xəlilovun idarə etdiyi VAZ markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra yoldan çıxıb.
Qəza zamanı avtomobilin sürücüsü xəsarət alıb, sərnişin isə həyatını itirib.
İmişli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, qəza nəticəsində xəsarət alan iki kişi avqustun 14-də saat 17:20-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Pasiyentlərə qapalı kəllə-beyin travması, sol göz nahiyəsində hematoma, bədənin müxtəlif nahiyələrində əzilmiş və cızılmış yaralar, həmçinin qarının küt travması diaqnozları qoyulub.
1984-cü il təvəllüdlü pasiyentin vəziyyəti orta ağır qiymətləndirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib.
1951-ci il təvəllüdlü digər pasiyentin vəziyyəti isə ağır olub. Həkimlərin reanimasiya tədbirlərinə baxmayaraq, onun avqustun 15-də saat 00:50-də bioloji ölümü qeydə alınıb.
Meyit məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya üzrə müvafiq şöbəyə təhvil verilib.