Naxçıvanda 60 yeni elektrik avtobusu sərnişinlərin xidmətinə veriləcək
Naxçıvan şəhərində ictimai nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihə həyata keçirilib. Şəhərdə Bakı Bus MMC-yə məxsus yeni elektrik avtobus parkı istifadəyə verilib.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın APA-ya istinadən yaydığı məlumata görə, bunu Bakı Bus MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni avtobus parkının açılışı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.
Əsmər Əliyeva qeyd edib ki, tikintisinə ötən ilin dekabrında başlanılan avtobus parkı 2,72 hektar ərazini əhatə edir. Burada inzibati bina, təmir mərkəzi və avtobusların yuyulması üçün xüsusi məntəqə fəaliyyət göstərir.
Park ümumilikdə 112 elektrik avtobusunun yerləşdirilməsi üçün nəzərdə tutulub. İlkin mərhələdə isə 60 ədəd BYD markalı, 53 sərnişin tutumlu elektrik avtobusu Naxçıvan şəhərində xidmət göstərəcək.
Bildirilib ki, avtobusların fasiləsiz fəaliyyətinin təmin olunması üçün parkda müvafiq infrastruktur yaradılıb. Nəqliyyat vasitələrinin operativ şəkildə yuyulması üçün nəzərdə tutulan məntəqədə bir avtobusun yuyulması orta hesabla 3-6 dəqiqə çəkəcək.
Su ehtiyatlarından səmərəli istifadə məqsədilə yuma prosesində işlədilən suyun 85 faizinin filtrasiya olunaraq yenidən dövriyyəyə qaytarılması planlaşdırılır.
Yeni avtobus parkının fəaliyyətə başlaması nəticəsində 222 nəfər işlə təmin olunub.
Naxçıvanda avtobuslarda ödəniş necə olacaq?
Əsmər Əliyeva bildirib ki, Bakı Bus MMC-nin Naxçıvan şəhərində fəaliyyət göstərəcək bütün avtobuslarında ödənişlər tamamilə nağdsız həyata keçiriləcək.
Sərnişinlərin ödəniş imkanlarının genişləndirilməsi üçün “City kart”la yanaşı, “BakıKart” sistemi də tətbiq ediləcək.
Bundan əlavə, sərnişinlər “Google Pay” və “Apple Pay” vasitəsilə, “BakıKart” mobil tətbiqindən istifadə etməklə QR kod yaradaraq, həmçinin bank kartları ilə ödəniş edə biləcəklər.
Bakı Bus MMC rəsmisinin sözlərinə görə, şirkətin Naxçıvanda fəaliyyətə başlaması ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnuniyyətinin artırılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək yeni elektrik avtobusları ilə tanış olub, həmçinin Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işlərinə baxış keçiriblər.