Bakıda növbəti genişmiqyaslı iməcilik keçirilib
Bakıda şəhərin təmizliyi və abadlığının təmin olunması məqsədilə növbəti genişmiqyaslı daxili iməcilik təşkil edilib.
Xeberhub.com xəbər verir ki, paytaxtın kommunal təsərrüfat xidmətlərinin əməkdaşları tərəfindən əsas küçə və prospektlər, məhəllədaxili və ara yollar xüsusi yuyucu vasitələrlə təmizlənib.
İməcilik çərçivəsində prospekt və küçələr, səkilərin kənarları, bordürlər, işıq dirəkləri və yol kənarındakı məhəccərlər yuyulub. Həmçinin park və istirahət məkanlarında yerləşən oturacaqlar təmizlənib, həyətlərdə və yaşayış məhəllələrində abadlıq işləri aparılıb.
İctimai iaşə və ticarət obyektlərinin vitrinləri, eləcə də köşklər və dayanacaqlar da yuyularaq təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları isə magistral yolların və prospektlərin kənarlarında yerləşən ağacları yuyub, qurumuş budaqları budayıb və ağacların dibində yumşaltma işləri aparıblar.
Yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Bundan əlavə, park, prospekt və küçə kənarlarında müxtəlif növ və rənglərdə güllər əkilib, rəngarəng gül kompozisiyaları yaradılıb.