Boris Conson: “Ukraynalılar döyüşməyə davam etmək istəyirdilər”
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqlarının pozulmasında onun rolunun olması barədə ittihamları rədd edib.
Xeberhub.com xəbər verir ki, Conson bildirib ki, həmin dövrdə Ukrayna tərəfi döyüş meydanında uğurlar əldə etdiyinə görə mübarizəni davam etdirmək niyyətində idi.
Onun sözlərinə görə, Ukrayna ordusu artıq Rusiya qüvvələrini Kiyev vilayətindən geri çəkilməyə məcbur etmişdi və Qərbdən heç bir lider Ukraynanı ölkəsi uğrunda mübarizədən çəkindirə bilməzdi.
“Bu, tamamilə yalandır. Ukraynalıların öz ölkələri uğrunda mübarizə aparmasının qarşısını ala biləcək bir Avropa və ya Qərb lideri yox idi. O vaxt Zelenskiyə dediyim tək şey bu idi: ‘Əgər döyüşmək istəyirsinizsə, biz sizinlə olacağıq’. Bu, Britaniya xalqının mövqeyi olaraq qalır”, - deyə Conson bildirib.
Keçmiş baş nazir danışıqların uğursuzluğunda onun məsuliyyət daşıması ilə bağlı iddiaların Kreml tərəfindən yayıldığını da qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin yazında Rusiya və Ukrayna arasında danışıqlar aparılıb və tərəflər mümkün razılaşmanın bəzi elementləri üzrə müzakirələr keçiriblər. Boris Consonun həmin ilin aprelində Kiyevə səfəri də bu proseslə bağlı sonrakı müzakirələrdə tez-tez gündəmə gətirilib. Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ildə Consonun sülh razılaşmasını pozması barədə iddiaları rədd etmişdi.