Qubada 4.9 maqnitudalı zəlzələ baş verib
Azərbaycanın şimal bölgələrində, xüsusilə Quba və ətraf rayonlarda zəlzələ hiss olunub.
Xeberhub.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, avqustun 14-də yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.
FHN-in məlumatına görə, zəlzələ episentrdə təxminən 5 bala, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.
Yeraltı təkanların Quba ilə yanaşı Siyəzən, Qusar, Xaçmaz, Şabran, İsmayıllı və Qəbələ rayonlarında da hiss edildiyi barədə məlumatlar yayılıb. Sosial şəbəkə istifadəçiləri zəlzələnin təxminən 10 saniyə davam etdiyini bildiriblər.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə quruma məlumat daxil olmayıb.