Trampın İlham Əliyev haqqında dediyi sözlər gündəmdə: “Onunla düşmən olmaq istəməzsiniz”
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev haqqında səsləndirdiyi fikirlər iki lider arasında formalaşan münasibətlərin diqqət çəkən nümunələrindən biri kimi qiymətləndirilir.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın xatırlatmasına görə, Donald Tramp 2025-ci ilin oktyabrında Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərqdə Sülh Sammiti zamanı Prezident İlham Əliyev haqqında danışarkən “Onunla düşmən olmaq istəməzsiniz” ifadəsini işlədib.
Sammit zamanı foto çəkilişi prosesində iki lider arasında yaranan səmimi atmosfer, zarafatlar və rahat ünsiyyət onların münasibətlərində qarşılıqlı etimadın formalaşdığını göstərən məqamlardan biri kimi diqqət çəkib.
Son bir il ərzində İlham Əliyev və Donald Tramp arasında yaranan siyasi dialoqun Şuşadan Vaşinqtona qədər uzandığı, qarşılıqlı etimad və dostluq münasibətlərinin isə ikitərəfli əlaqələrdə yeni atmosfer yaratdığı vurğulanır.
Donald Tramp müxtəlif çıxışlarında, sosial media paylaşımlarında və Azərbaycan Prezidentinə ünvanladığı məktublarda İlham Əliyevə “möhtəşəm insan”, “böyük lider”, “yaxın dost” və “inanılmaz insan” kimi ifadələrlə müraciət edib.
ABŞ Prezidenti, həmçinin sosial şəbəkə hesablarında İlham Əliyevin çıxışlarını bir neçə dəfə paylaşaraq Azərbaycan liderinə dəstəyini nümayiş etdirib.
Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Trampın sülh təşəbbüslərini yüksək qiymətləndirib və onu “sülh prezidenti” adlandırıb.
İki dövlət başçısı arasındakı münasibətlərin yalnız diplomatik protokolla məhdudlaşmadığı, qarşılıqlı mesajlar, təşəkkürlər, ictimai bəyanatlar və sülh gündəliyinə verilən dəstəyin Bakı ilə Vaşinqton arasında yeni siyasi atmosfer formalaşdırdığı qeyd olunur.
Bu çərçivədə birbaşa dialoqun inkişafı və qarşılıqlı etimadın möhkəmlənməsi Azərbaycan-ABŞ münasibətlərinin strateji xarakterinin güclənməsində mühüm amil kimi qiymətləndirilir.
Son bir ildə Donald Tramp və İlham Əliyev arasında müşahidə olunan qarşılıqlı hörmət və siyasi dəstəyin iki ölkə arasındakı münasibətlərə yeni dinamika gətirdiyi bildirilir. Bu münasibətlər şəxsi etimadın dövlətlərarası əlaqələrin inkişaf istiqamətinə təsir göstərə biləcəyini nümayiş etdirən nümunə kimi təqdim olunur.