Ukrayna PUA-ları Rusiyanın Tümen vilayətindəki neft-kimya kompleksinə zərbə endirib
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirdiyi bildirilib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “RBK-Ukrayna”ya istinadən yaydığı məlumata görə, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.
Ukrayna tərəfinin açıqlamasına əsasən, PUA-lar hədəfə çatmaq üçün 2 000 kilometrdən artıq məsafə qət edib.
Zərbədən sonra kompleksin ərazisində yanğın və dağıntıların qeydə alındığı bildirilib.
“ZapSibNeftexim” Rusiyanın ən iri neft-kimya müəssisələrindən biri olmaqla yanaşı, ölkənin kimya sənayesi üçün strateji əhəmiyyət daşıyan obyektlərdən hesab olunur.
Tobolskdakı kompleks müxtəlif sənaye sahələrində istifadə olunan əsas xammal növlərinin istehsalı ilə məşğuldur. Ukrayna tərəfinin məlumatına görə, həmin məhsulların bir hissəsindən Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli istehsal sahələrində istifadə edilir.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.