Krasnodar diyarına PUA hücumu: ölənlər arasında uşaq da var
Avqustun 12-nə keçən gecə Rusiyanın Krasnodar diyarına yüzlərlə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Hücum nəticəsində biri uşaq olmaqla iki nəfər həyatını itirib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev “MAX” kanalında məlumat yayıb.
Qubernator bildirib ki, Novorossiysk şəhərində səkkiz yaşlı uşaq həlak olub. Hadisə nəticəsində səkkiz nəfər, o cümlədən bir uşaq yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Kondratyev Novorossiysk şəhərinin meri Andrey Kravçenkoya mərhum uşağın ailəsinə lazımi yardım göstərilməsi barədə tapşırıq verdiyini açıqlayıb.
Məlumata görə, PUA qalıqları 21 yaşayış binasının, eləcə də dörd müəssisənin ərazisinə düşüb. Hadisədən sonra 90-a yaxın sakin müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürülüb.
Temryuk rayonunun Volna qəsəbəsində də PUA qalıqlarının düşməsi nəticəsində bir nəfərin yaralandığı, daha sonra həmin şəxsin həyatını itirdiyi bildirilib.
Anapa şəhərində zərərsizləşdirilən PUA-ların qalıqları yaşayış evlərindən birinə ziyan vurub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlara tibbi yardım hadisə yerində göstərilib və hospitalizasiya tələb olunmayıb.
Gelencik ərazisində isə üç fərdi yaşayış evinə ziyan dəyib. İki sakin yaralanaraq xəstəxanaya çatdırılıb.